Kristiano Biraqi: “Belə uduzmaq çox ağırdır”

Fiorentina”nın kapitanı Kristiano Biraqi komandasının Konfrans Liqasının finalında “Vest Hem”lə oyunu (1:2) barədə fikirlərini paylaşıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, 90 dəqiqə meydanda mübarizə aparmış Biraqinin fikirlərini diqqətinizə çatdırır:

“Belə uduzmaq çox ağırdır. Hisslərimizi sözlə təsvir etmək çətindir. İçimdə boşluq var. Biz meydanda əsas simalar idik, şəhər üçün, azarkeşlər üçün, İtaliya kubokunun finalında məğlubiyyətdən sonra “Fiorentina”nın onlar üçün nə qədər vacib olduğunu bizə göstərməyə bura gələn insanlar üçün oynayırdıq. Çox təəssüf ki, onlar üçün heç nə qazana bilmədik”.

Xatırladaq ki, oyunda həlledici qolu 90-cı dəqiqədə “Vest Hem”in braziliyalı yarımmüdafiəçisi Lukas Paketanın zərgər dəqiqliyi ilə verdiyi ötürmədən sonra qapıçı ilə təkbətək çıxan vinger Carrod Bouen vurub.

“Vest Hem” 2:1 hesabı ilə qalib gələrək tarixində ilk dəfə Avropa Konfrans Liqasını qazanıb.

Vurğulayaq ki, “Fiorentina” İtaliya Kubokunun final oyununda da “İnter”ə məğlub olmuşdu – 1:2.