Kristiano Ronaldo “Əl-Hilal”ın şərfi ilə paçasını silib atdı – Video

“Əl-Nəsr”in portuqal ulduzu, hücumçu Kristiano Ronaldo “Əl-Hilal”a qarşı yoldaşlıq oyununda (0:2) rəqib azarkşelərinə qarşı hiddətlənib.

Arena.az məlumat verir ki, rəqib azarkeşlərin hörmətsiz davranışı müqabilində Ronaldo xeyli səbr etsə də, sonda səbr kasası daşmış ulduz əsəblərinə hakim ola bilməyib.

Oyun boyu “Əl-Hilal”ın azarkeşləri Ronaldonun topa hər toxunuşunda “Messi, Messi” deyə səsləniblər. Ronaldo oyun məqamlarının birində tribunalara müraxiət edərək, “burada Mən varam… Messi yox!”, deyə səslənib.

Portuqal ulduz tribunalaraltı məkana yollanarkən “Əl-Hilal”ın azarkeşləri klub şərflərini hörmətsizcə Ronaldoya atmağa başlayıblar. Əsəblərinə hakim ola bilməyən ulduz futbolçu şərflərdən birini yerdən qaldıraraq, tumanından içəri salıb, paçasını silib və azarkeşlərə sarı atıb.

Kristiano 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. Portuqal hücumçu ərəb komandasının düşərgəsinə 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayına qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 24 qol vurub, 11 məhsuldar ötürmə verib. O, bu komandada indiyə qədər bütövlükdə 44 oyuna çıxıb, 38 qol və 13 məhsuldar ötürmə müəllifi olub.

Kristiano Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümünün ən sərrast futbolçusudur – 20 qol.

Ronaldo “Əl-Nəsr”dən öncə “Mançester Yunayted”, “Yuventus”, “Real” və “Sportinq” (Lissabon) kimi klubların da formasını geyinib.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqustunda debüt etdiyi Portuqaliya yığmasında 205 oyun keçirib. “Kriş” bu oyunlarda 128 qola imza atıb və 46 məhsuldar ötürmə verib.

Kristiano Ronaldonun yığmanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığması ilə Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 39 yaşlı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.