“Əl-Nəsr”in hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsinə vaxtından əvvəl xitam vermək istəyindədir.
Arena.az xəbər verir ki, bu haqda İspaniyanın nüfuzlu “Mundo Deportivo” dərgisi məlumat yayıb.
Əldə edilmiş məlumata görə, Ronaldonu Səudiyyə Ərəbistanının infrasrukturu qane etmir. Portuqaliyalının fikrinə istinadən ispan dərgisi Ərəbistan mühitini müasir cəmiyyətdən uzaq kimi qiymətləndirib. Qeyd edilir ki, 38 yaşlı Ronaldonun yaxın ətrafı yaranmış vəziyyət haqda məlumat verməklə Avropaya qayıtmaq imkanı əldə etmək istəyir.
Əgər Ronaldo “Əl-Nəsr”lə yollarını üzrsüz səbəbdən ayırmaq qərarını versə, FIFA qaydalarına əsasən, o, müqaviləsində nəzərdə tutulmuş qalan iki illik müddətə görə kluba təzminat ödəməli olacaq. Həmçinin reqlament hücumçuya münasibətdə mümkün sanksiyaların tətbiq edilməsini də mümkün hesab edir.
Kristiano Ronaldo “Əl-Nəsr”in heyətində 2023-cü ilin 1 yanvar tarixindən çıxış edir. Forvard bu müddətdə Səudiyyə Ərəbistanı çempionatı çərçivəsində 14 oyunda meydana çıxaraq 13 qola imza atıb. Bütövlükdə isə o, “Əl-Nəsr”də 17 oyuna 13 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Portuqaliya yığmasının lideri daha öncə Lissabon “Sportinq”ində (31 oyun, 5 qol, 6 asist), Madrid “Real”ında (438 oyun, 450 qol, 131 asist), “Mançester Yunayted” (346 oyun, 145 qol, 64 asist) və “Yuventus” (134 oyun, 101 qol, 22 asist) kimi klublarda da forma geyinib. O, oynadığı klubların hər birində müxtəlif rekordlara və ilklərə imza atıb. Kristiano Portuqaliya millisində də 198 oyun keçirib, 122 qola imza atıb.