Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun Portuqaliyadan olan ulduz hücumçusu Kristiano Ronaldo gələcək kayrerası ilə bağlı qərarını verib.
Arena.az xəbər verir ki, 38 yaşlı futbolçu ikinci komandasında çıxışını davam etdirmək niyyətində olduğunu açıqlayıb.
O, “Əl-Nəsr”in “YouTube” kanalında müvafiq xüsusda fikirlərini ifadə edib:
“Klubla kubok qazanacağımı gözləyirdim, lakin gözləntilər həmişə özünü doğrulmur. Son beş-altı ayda klub bütün liqa kimi tərəqqi edib. Titul qazanmaq mümkün olmadı, amma mən nikbinəm və gələcəkdə daha yaxşı olacağına inanıram.
Burada xoşbəxtəm, qalmaq istəyirəm və davam edəcəyəm. Fikrimcə, iş eyni ruhda davam edərsə, Səudiyyə Liqası dünyanın ən yaxşı beş liqasına daxil olacaq”.
Xatırladaq ki, Kristiano Ronaldo 2022/2023 mövsümünə “Mançester Yunayted”də başlayıb. Lakin sonradan məşqçi və klub rəhbərliyi ilə münaqişə səbəbindən komandadan ayrılmaq məcburiyyətində qalıb. O, 2023-cü ilin əvvəlindən “Əl-Nəsr”in heyətində çıxış edir. Forvard bu müddətdə sözügedən komandanın heyətində 19 oyuna çıxıb, 14 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
Portuqaliya yığmasının lideri daha öncə Lissabon “Sportinq”ində (31 oyun, 5 qol, 6 asist), Madrid “Real”ında (438 oyun, 450 qol, 131 asist), “Mançester Yunayted” (346 oyun, 145 qol, 64 asist) və “Yuventus” (134 oyun, 101 qol, 22 asist) kimi klublarda da forma geyinib. O, oynadığı klubların hər birində müxtəlif rekordlara və ilklərə imza atıb. Kristiano Portuqaliya millisində də 198 oyun keçirib, 122 qola imza atıb.
“Əl-Nəsr”ə gəlincə, Ronaldonun gəlişinə qədər lider olan komanda sonradan liderliyi əldən verərək ikinci yeri tutub.