Kristiano Ronaldo “Əl-Şabab”a da qol vurdu – Video

Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 39 yaşlı futbolçunun komandası Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 21-ci turu çərçivəsində “Əl-Şabab”la qarşılaşıb.

“Əl-Nəsr” səfərdə baş tutan bu oyunda 3:2 hesablı qələbəyə sevinib. “Nəcd cəngavərləri”nin ulduzu Ronaldo 90 dəqiqə meydanda olub və bu dəfə də qol vurub. O, 21-ci dəqiqədə fərqlənməklə oyunda hesabı açıb.

Qələbə sayəsində “Əl-Nəsr” 2-ci pillədə yerini möhkəmlədib. 21 turdan sonra “Nəcd cəngavərləri”nin 52 xalı var. Çempionata 56 xalla məğlubiyyət nə demək olduğunu bilməyən “Əl-Hilal” başçılıq edir.

Ronlaldo milli çempionatın ən sərrast futbolçusudur – 22 qol. Həmçinin portuqal hücumçunun hesabında 9 məhsuldar ötürmə var və bu göstəricidə Ronaldo “Əl-Taavun”un yarımmüdafiəçisi Alvaro Medranla şərikli liderdir. Qollar və məhsuldar ötürmələrin cəmi üzrə isə Ronaldo milli çempionatın ən səmərəli futbolçusudur – 31 xal (22 qol və 9 məhsuldar ötürmə).

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə portuqal hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 29 oyuna çıxıb, 28 qol vurub, 11 məhsuldar verib.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 205 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib.

Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.