Kristiano Ronaldo ən yaddaqalan ÇL finalından danışdı

“Əl-Nəsr”in portuqal uluz hücumçusu Kristiano Ronaldo özü üçün ən yaddaqalan Çempionlar Liqası finalı haqda söhbət açıb.

Arena.az məlumat verir ki, Ronaldo bu barədə Çempionlar Liqasının 2024/2025-ci illər mövsümünün püşkatma mərasimində danışıb.

Portuqal ulduz 2008-ci ildə Moskvada “Mançester Yunayted”lə “Çelsi”yə qarşı keçirdiyi Çempionlar Liqası final oyununu (1:1, penaltilər silsiləsində 6:5) qeyd edib:

“Ən xüsusi” deyəndə yadıma həmişə Çempionlar Liqasında ilk finalım gəlir, 2008-ci ildə “Mançester Yunayted”də oynadığım zaman. Qalib gəldik, oyundan qol vurdum, amma penaltilər silsiləsində zərbəni qaçırdım. Əlbəttə, “Real” ilə qazandığımız bu dörd qalibiyyət də inanılmazdır”, deyə Ronaldo vurğulayıb.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 44 qol vurub, 13 məhsuldar verib.

Cari mövsümə isə Ronaldo “Nəcd cəngavərləri”nin heyətində bütün yarışlarda 4 oyuna 4 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 68 oyun, 62 qol və 17 məhsuldar ötürmədən ibarətdir.

Xatırladaq ki, Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Maraqlıdır ki, Ronaldo “Əl-Nəsr”lə hələ heç bir qənimət qazanmayıb.

Qolçuluq mükafatları ilə yanaşı, Ronaldonun “Əl-Nəsr”dəki yeganə uğuru ötən mövsümün ən yaxşı oyunçusu seçilməsidir.

Kristiano Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 212 oyun keçirib, 130 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.