Kristiano Ronaldo 1000 qol hədəfindən danışdı

“Əl-Nəsr”in və Portuqaliya yığmasının superhücumçusu Kristiano Ronaldo idman karyerası ilə bağlı planlarından danışıb.

Arena.az “Record” nəşrinə istinadən Ronaldonun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Porto”nun prezidenti Pintu da Koşta ilə danışdıq və o, mənə 1000 qol vurmağı təklif etdi. Amma 1000-ə çatmamış 900-ə çatmaq istəyirəm. 900 qola arxayınam, amma 1000 üçün birdən çox maneəni dəf etməliyəm.

Həyatımda şəxsi və peşəkarlıqla bağlı bəzi hadisələr olub ki, məni qısamüddətli planlar qurmağa məcbur edir. Amma bədənim yüklənmələrə yaxşı cavab verir, həm klubda, həm də yığma komandada sevinclə oynayıram, qollar vururam”, deyə Ronaldo nikbinlik və inamla bildirib.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 11 oyuna 11 qol vurub və 6 məhsuldar ötürmə ilə fərqlənib.

Ümumiyyətlə Kristiano Ronaldonun klub karyerasının mənzərəsi belədir: 979 oyun, 726 qol, 231 məhsuldar ötürmə.

Kristiano Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 202 oyun keçirib, 125 qol vurub və 44 məhsuldar ötürmə verib.
Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Portuqal superulduz yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

Ronaldo klub karyerası ərzində isə “Əl-Nəsr”dən öncə “Sportinq”, “Mançester Yunayted”, “Real” və “Yuventus” kimi klublarda forma geyinib.