Kristiano Ronaldo 2023-cü ilin ən ödənişli idmançısıdır

“Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kristiano Ronaldo “Sportico” jurnalının seçiminə görə 2023-cü ildə ən ödənişli idmançı olub.

Arena.az məlumat verir ki, mənbənin hesablamalarına görə, 2023-cü ildə ulduz oyunçu futbol fəaliyyətindən 215 milyon dollar (200 milyon avro) gəlir əldə edib.

Kristiano Ronaldo sponsorluq müqavilələrindən də 60 milyon dollar (55 milyon avro) qazanıb.

“İnter Mayami”nin argentinalı ulduzu, hücumçu Lionel Messi futboldan 65 milyon dollar (61 milyon avro) qazanıb. O, sponsorluq müqavilələrindən isə daha 65 milyon dollar (61 milyon avro) gəlir götürüb. Beləliklə, “Leo” siyahıda 3-cü yeri tutub.

PSJ-nin fransalı ulduzu, hücumçu Kilian Mbappe 125 milyon dollar (115 milyon avro) gəlirlə 5-ci pillədə yer alıb. Fransalı ulduz futboldan 92 milyon avro məbləğində, sponsorluq müqavilələrindən isə 23 milyon avro məbləğində gəlir əldə edib.

Həmçinin 2023-cü ildə ən çox qazanmış idmançıların onluğuna 121 milyon dollar gəlirlə (112 milyon avro) “Əl-Hilal”ın braziliyalı ulduzu, hücumçu Neymar daxildir. Braziliyalı ulduz 80 milyon avro məbləğində futbol gəlirləri ilə yanaşı, sponsorluq müqavilələrindən 32 milyon avro məbləğində qazanc götürərək, 6-cı pillədə qərarlaşıb.

2023-cü ildə ən çox qazanmış idmançı kimi 2-ci yeri ispan qolfçu Con Ram tutub. 4-cü yerdə isə amerikan basketbolçu Lebron Ceyms qərarlaşıb.