Kristiano Ronaldo AÇ-2024 üçün yığmaya dəvətini şərh etdi

“Əl-Nəsr”in hücumçusu Kristiano Ronaldo Avropa çempionatında iştirak edəcək Portuqaliya yığmasına dəvət almasına münasibətini açıqlayıb.

Arena.az ulduz futbolçunun bu barədə qarşılığını təqdim edir:

“Avropa çempionatında Portuqaliyanı təmsil etməkdən qürur duyuram. İrəli hərəkət edirik”, deyə Ronaldo əzmlə bildirib.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 43 oyuna çıxıb, 42 qol vurub, 13 məhsuldar verib.

Ronaldo 33 qolla cari mövsüm yerli çempionatın ən sərrast futbolçusudur. Portuqal hücumçunun hesabında 11 məhuldar ötürmə də var. Qollar və məhsuldar ötürmələrin cəmi üzrə 44 xal toplamış Ronaldo cari mövsümün ən səmərəli futbolçusudur.

Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 206 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.