Kristiano Ronaldo bahalı “Ferrari”si ilə diqqət çəkdi – Video

“Əl-Nəsr”in portuqal ulduzu, hücumçu Kristiano Ronaldo özünün “Ferrari” avtomobili – “Daytona SP3” ilə gözə çarpıb.

Arena.az məlumat verir ki, qiyməti 2,2 milyon dollardan çox olan bu model avtomobildən cəmi 599 ədəd istehsal edilib.

Məlumdur ki, Kristiano Ronaldodan başqa “Ferrari Daytona SP3” modelinə “Ferrari”nin Formula 1 pilotu Şarl Lekler sahibdir.

“Ferrari Daytona SP3” 2021-ci ildə təqdim edilib. Bu idman avtomobilinin 840 at gücü hasil edən 6,5 litrlik V12 mühərriki var. “Daytona SP3” 100 km/saata 2,85 saniyə ərzində sürətlənir və mütləq sürəti 340 km/saatdan çoxdur. Bu avtomobil müasir “Ferrari” avtomobilləri silsiləsində ən sürətli avtomobillərdən biri hesab edilir.

Vurğulayaq ki, bu, Kristiano Ronaldonun kolleksiyasındakı ən azı beşinci “Ferrari”dir. Portuqal ulduz həmçinin “Ferrari F430”, “Ferrari 599 GTO” və “Ferrari F12 TDF”ə sahibdir. Yanvar ayında isə Ronaldo yeni “Ferrari Purosangue” modeli ilə görünmüşdü.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə portuqal hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 33 oyuna çıxıb, 30 qol vurub, 11 məhsuldar verib.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 205 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.