“Əl-Nəsr”in hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının tezliklə ən güclülərdən birinə çevriləcəyinə inandığını söyləyib.
Arena.az xəbər verir ki, Portuqaliyadan olan ulduz futbolçu “Real”dan ayrılan Kərim Benzemanın “Əl-İttihad”a keçidinə də toxunub:
“Bilirdim ki, Səudiyyə Ərəbistanına köçmək – buranı hamıya açmaq kimidir. Və yanılmadım.
Əminəm ki, iki-üç ildən sonra bu liqa dünyanın əsas liqalarından birinə çevriləcək. Benzema da artıq gəlib və daha çoxları da gələcəklər”.
Xatırladaq ki, Krsitiano Ronaldo 2022/2023 mövsümünə “Mançester Yunayted”də başlayıb. Lakin sonradan məşqçi və klub rəhbərliyi ilə münaqişə səbəbindən komandadan ayrılmaq məcburiyyətində qalıb.
Portuqal hücumçu 2023-cü ilin əvvəlindən “Əl-Nəsr”də çıxış edir. Kristiano bu müddətdə 19 oyunda komandasının heyətində meydana çıxıb, 14 qola və 2 məhsuldar ötürməyə imza atıb. Ancaq bu, çempionluğu qazanmaq üçün yetərli olmayıb. “Əl-Nəsr” büdrəyərək “Əl-İttihad”ı önə buraxıb və çempionatı “gümüş”lə tamamlayıb.