“Əl-Nəsr”in portuqal ulduzu, hücumçu Kristiano Ronaldo Səudiyyə Ərəbistanı klubunun əsas yay transfer hədəfini müəyyənləşdirib.
Arena.az bu barədə “Daily Star” dərgisinə istinadən məlumat verir.
Xatırladaq ki, “Əl-Nəsr” rəhbərliyi Kristiano Ronaldonun böyük futbol təcrübəsinə əsaslanaraq, portuqal ulduza klubun transferlərinin müəyyənləşdirilib həyata keçirilməsində geniş səlahiyyət verib.
Beləliklə, Ronaldo “Mançester Yunayted”in portuqal hücumameylli yarımmüdafiəçisi və kapitanı Bruno Fernandesi növbəti mövsümdə “Əl-Nəsr”in heyətində görmək istəyir. “Əl-Nəsr” müvafiq təkliflə “Mançester Yunayted”ə müraciəti cari mövsmün başa çatması ilə gözlənilir.
Bruno Fernandes “Mançester Yunayted”ə 2020-ci ilin yanvarında 65 milyon avro müqabilində Lissabon “Sportinq”indən keçib. Portuqal yarımmüdafiəçinin “qırmızı şeytanlar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Fernandes “Mançester Yunayted”in heyətində bütün yarışlarda 46 oyuna çıxıb, 15 qol vurub, 12 məhsuldar ötürmə ilə fərqlənib. Brunonun “Mançester Yunayted” karyerası bütövlükdə 231 oyun, 79 qol və 65 məhsuldar ötürmədən ibarətdir.
Bruno Fernandes 2017-ci ilin noyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 64 oyuna çıxıb. Təcrübəli futbolçu bu oyunlarda 20 qol vurub, 19 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 29 yaşlı portuqal yarımmüdafiəçinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.
Kristiano Ronaldo isə 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.
Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 42 oyuna çıxıb, 42 qol vurub, 13 məhsuldar verib.
Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 206 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 39 yaşlı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


