Kristiano Ronaldo futbol tarixinin ən yaxşı klubunu açıqladı

“Əl-Nəsr”in portuqal ulduz hücumçusu və kapitanı Kristiano Ronaldo 2009-2018-ci illərdə çıxış etdiyi “Real” haqda söhbət açıb.

Arena.az məlumat verir ki, portuqal ulduz bu barədə özünün şəxsi “YouTube” kanalında danışıb:

“Real” çox yaxşı görünür. Bu komanda təzyiq altında təlaşa düşmür. Çox adam deyir: “Əşi, Çempionlar Liqasında bəxtləri gətirdi”. Xeyr, onların bəxti gətirmədi! Onlar müvafiq məqamlara hazırlaşırlar. “Santyaqo Bernabeu”nun fərqli rayihəsi, fərqli güc-qüvvəsi var. Mənim üçün bu, futbol tarixinin ən yaxşı klubudur.

Keçiddən əvvəl bilirdim ki, təzyiqin öhdəsindən gələ bilərəm. Mən bunu bilirdim, çünki öz bacarığıma, gücümə və istedadıma inanırdım. Bu, asan deyildi, axı bura başqa ölkə idi, mənim isə cəmi 24 yaşım vardı, hələ gənc idim. Amma eyni zamanda çox nikbin idim.

“Real” – dünyanın ən yaxşı klubudur. Mən “Mançester Yunayted”də etdiyim kimi, bu klubda da tarix yazacağımı söyləmişdim. Bu, mənim üçün bir sınaq idi. Bu, mənim üçün böyük bir sınaq idi və mən “Real”da oynamaqdan xoşbəxt idim”, deyə “Kriş” vurğulayıb.

Xatırladaq ki, Kristiano Ronaldo Madriddə keçirdiyi doqquz il ərzində 438 oyunda vurduğu 450 qolla “Real” tarixinin ən sərrast futbolçusu olmağı bacarıb. O, həmçinin bütün əsas klub yarışlarından kubokları dəfələrlə öz qənimətlər muzeyinə daşıyıb aparıb.