Kristiano Ronaldo hərəkətində əxlaqsızlıq görmür – Video

“Əl-Nəsr”ın ulduz hücumçusu Kristiano Ronaldo “Əl-Şabab”la oyunun (3:2) sonunda azarkeşlərə qarşı qalmaqallı hərəkətinə dair açıqlama verib.

Arena.az “Ariyadhiah” dərgisinə istinadən, portuqal ulduzun müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Mən bütün klublara hörmət edirəm. Duyğusal hərəkətim gücü və qələbəni ifadə edir, utancverici deyil. Biz Avropada buna öyrəşmişik”, deyə Ronaldo bildirib.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə portuqal hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 29 oyuna çıxıb, 28 qol vurub, 11 məhsuldar verib.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 205 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Ulduz futbolçunun sözlərlə ifadəsi yaraşmaz olan hərəkətinin təsviri əks edilmiş videonu təqdim edirik: