Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kristiano Ronaldo karyerasında ilk dəfə ardıcıl iki mövsüm titul qazana bilməyib.
Arena.az xəbər verir ki, 38 yaşlı portuqaliyalının indiki komandası ötən gün Səudiyyə Ərəbistanı çempionatının qalibi olmaq şansını itirib.
“Əl-Nəsr” çempionatın 29-cu turu çərçivəsində “Əl-İttifaq”la heç-heçə edib – 1:1. Ronaldo start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib. “Əl-Nəsr” bu heç-heçə ilə xallarını 64-ə çatdırıb.
Lider “Əl-İttihad” isə “Əl-Feyda”nı məğlub edib – 3:0. Bununla da “Əl-İttihad” xallarının sayını 69-a yüksəldib. Nəticədə sözügedən komanda sona 1 tur qalmış ölkə çempionluğunu rəsmiləşdirib. “Əl-Nəsr” isə 2-ci olub.
“Əl-Nəsr” daha öncə ölkə kubokunun da qalibi ola bilməmişdi.
Ronaldo bununla ardıcıl 2 mövsümdür kuboksuz qalır. O, ötən mövsüm “Mançester Yunayted”in heyətində də kubok qazana bilməmişdi. Superulduz ümumilikdə karyerası ərzində 4 mövsümdə kubok qazana bilməyib: 2004/2005, 2009/2010, 2021/2022, 2022/2023.
Xatırladaq ki, Kristiano Ronaldo 2022-ci ilin dekabr ayının 30-dan “Əl-Nəsr”in şərəfini qoruyur. Bu müddət ərzində o, sözügedən komandada 19 oyuna çıxıb, 14 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Ronaldonun əvvəlki klublarındakı statistikası isə belədir:
“Real” – 438 oyun, 450 qol, 131 məhsuldar ötürmə
“Mançester Yunayted” – 346 oyun, 145 qol, 64 məhsuldar ötürmə
“Yuventus” – 134 oyun, 101 qol, 22 məhsuldar ötürmə
“Sportinq” – 31 oyun, 5 qol, 6 məhsuldar ötürmə
Portuqaliyalı futbolçu ölkəsinin milli komandasında da 198 oyun keçirib, 122 qola imza atıb. Hansı ki, o, bu göstərici üzrə dünya çempionudur.