Kristiano Ronaldo keçmiş komandasına məhəbbətini etiraf etdi

“Əl-Nəsr”in portuqal ulduz hücumçusu və kapitanı Kristiano Ronaldo keçmiş klubu “Mançester Yunayted”ə məhəbbətini etiraf edib.

Arena.az məlumat verir ki, “Kriş” bu barədə özünün şəxsi “YouTube” kanalında söhbət açıb:

“Mən hələ də “Mançester Yunayted”i sevirəm. “Mançester Yunayted”ə qayıdanda çox xoşbəxt idim. Ən çox qol vuranlardan biri idim və inanılmaz şeylər əldə etdim. 37 yaşım var idi, amma ilk mövsümümdə 18 qolla Premyer Liqanın bombardirləri sırasında ilk üçlükdə qərar tutmuşdum. Çempionlar Liqasının qrup mərhələsinin hər oyununda qol vurdum. Hər şey əla idi”, deyə portuqaliyalı futbolçu bildirib.

Xatırladaq ki, Ronaldo 2003-2009-cu və 2021-2022-ci illərdə “qırmızı şeytanlar”ın uğurları üçün çalışıb. Ronaldo “Mançester Yunayted”lə bir çox qənimətlər və şəxsi mükafatlar, o cümlədən “Qızıl top”u qazanıb.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında məhz “Mançester Yunayted”dən azad agent qismində keçib.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 4 oyuna 4 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 68 oyun, 62 qol və 17 məhsuldar ötürmədən ibarətdir.

Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib.

Kristiano Portuqaliya yığmasının heyətində 214 oyun keçirib, 132 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.