Kristiano Ronaldo məhkəməyə verildi – Səbəb

“Əl-Nəsr”in portuqal hücumçusu Kristiano Ronaldo İngiltərədə kosmetik xidmətlərə görə ödəniş etmədiyi üçün məhkəməyə verilib.

Arena.az bu barədə “The Sun” nəşrinə istinadən məlumat verir.

Həkim-kosmetoloq Roşan Ravindran iddia edir ki, portuqal futbolçu 2021-ci və 2022-ci illərdə “Mançester Yunayted”də oynayarkən aldığı müvafiq prosedurlar üçün pul ödəməyib. Mənbənin məlumatına görə, söhbət 40 min funt-sterlinq məbləğində ödənilməmiş hesabdan gedir. Bura, botoks, dolğu, dəriyə qulluq və qaş qaldırma üzrə ixtisaslaşmış mütəxəssisin haqları daxildir.

Vurğulanır ki, həkim ödənilməmiş məbləği məhkəmə yolu ilə geri qaytarmaq niyyətindədir.

Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 17 oyuna 13 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 81 oyun, 71 qol və 18 məhsuldar ötürmədən ibarətdir.

Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast qolçusu (35 qol) olub.

Kristiano Portuqaliya yığmasının heyətində 215 oyuna 135 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.