“Əl-Nəsr”in portuqal ulduzu və kapitanı, hücumçu Kristiano Ronaldo meydanda məhsuldarlığının üç sirrini açıqlayıb.
Arena.az məlumat verir ki, portuqal futbolçu bu barədə özünün sosial şəbəkə hesablarından biri üzərindən yazı paylaşıb:
“Yuxu, ağır iş və bərpa. Yeni mövsüm, eyni məqsəd”, – Ronaldo dərc edib.
Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.
Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 44 qol vurub, 13 məhsuldar verib.
Cari mövsümə isə o, 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası bütövlükdə 65 oyun, 59 qol və 16 məhsuldar ötürmədən ibarətdir.
Xatırladaq ki, Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) kimi klubların da şərəfini qoruyub. O, bu klubların hər biri ilə çoxsaylı titullar qazanıb, müxtəlif rekordlara imza atıb. Portuqaliyalı ulduz Səudiyyə Ərəbistanı klubunda isə hələlik heç bir titul qazanmayıb. Onun “Əl-Nəsr”dəki yeganə uğuru ötən mövsümün ən yaxşı oyunçusu seçilməsidir.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 212 oyun keçirib, 130 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.