Kristiano Ronaldo: “Mənə saat 22:00-dan sonra zəng etməyin!”

“Əl-Nəsr”in və Portuqaliya yığmasının ulduz hücumçusu Kristiano Ronaldo bədənini münasib vəziyyətdə saxladığı nüanslardan birini açıqlayıb.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, portuqal ulduzun bu xüsusda yanaşmasını təqdim edir:

“Mən heç vaxt axşam saat 10-dan sonra, hətta telefonla danışmıram. Bu saatdan sonra mənə zəng etməyin. Beynimə fasilə verməyi xoşlayıram.

Peşəkar futbolçusansa, fədakarlığın olmalıdır. Kim olduğum üçün və futbolçu karyeram üçün yaşayıram. Amma əlbəttə ki, mən ailəmlə vaxt keçirməyi, kinoya getməyi və ya şam yeməyinə getməyi sevirəm. Hər bir idmançının öz xüsusiyyətləri və ehtiyacları var”, deyə Ronaldo özünün gün rejminə dair yanaşmasını açıqlayıb.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 41 oyuna çıxıb, 42 qol vurub, 12 məhsuldar verib.

Ronaldo 33 qolla cari mövsüm Səudiyyə Ərəbistanı Peşəkar Liqasının ən sərrast futbolçusudur. Portuqal ulduzun hesabında 10 məhsuldar ötürmə də var. Ronaldo həmçinin qol və məhsuldar ötürmələrin cəmi (43) üzrə mütləq liderdir.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 206 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.