Kristiano Ronaldo “Mançester Yunayted”dən rəsmən ayrıldı

İngiltərənin “Mançester Yunayted” klubu portuqaliyalı hücumçusu Kristiano Ronaldo ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığı dayandırıblar. Mançester təmsilçisi portuqaliyalı futbolçuya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Ronaldonun “Mançester Yunayted”dən mövsümün gedişində və belə vaxtsız ayrılığına tərəflər arasındakı münasibətlərin pozulması səbəb olub. Belə ki, 37 yaşlı forvard bu yaxınlarda Britaniya mətbuatına verdiyi müsahibədə klubu və komandanın baş məşqçisi Erik Ten Haaqı sərt tənqid etmişdi. Kristiano “Mançester Yunayted”in ona xəyanət etdiyini söyləmişdi.

Kristiano Ronaldo bu mövsüm “qırmızı şeytanlar”ın heyətində Premyer Liqa və Avropa Liqası çərçivəsində 16 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Təcrübəli hücumçu 2003-2009-cu illər aralığında da İngiltərə klubunun formasını geyinib. O, 2021-ci ilin yayında İtaliya “Yuventus”undan “Mançester Yunayted”ə keçmişdi. “Qırmızı şeytanlar”ın heyətində ümumilikdə 346 görüş keçirən Ronaldo 145 qola imza atıb, 64 məhsuldar ötürmə müəllifi olub.

Peşəkar karyerasına “Sportinq”də başlamış Ronaldo, “Mançester Yunayted”dən başqa, “Yuventus” (İtaliya) və “Real”da (Madrid, İspaniya) da forma geyinib. Klub karyerası ərzində bütövlükdə 951 matç keçirmiş hücumçu, 701 qol vurub və çoxsaylı rekordlara imza atıb. O, Portuqaliya yığmasında da 191 oyuna çıxıb, 117 qol vurub. Hansı ki, milli komandada vurulan qolların sayına görə dünya rekordu məhz Kristianoya məxsusdur.

Ronaldo Portuqaliya yığması ilə 2016-cı ildə Avropa çempionu, 2018/19 mövsümündə isə UEFA Millətlər Liqasının qalibi olub. O, 2008, 2013, 2014, 2016 və 2017-ci illərdə “Qızıl top” mükafatını qazanıb, 2008-ci ildə FİFA tərəfindən ilin futbolçusu seçilib.

Sonda Ronaldonun müxtəlif klublarla qazandığı titulların siyahısını təqdim edirik:

“Mançester Yunayted”

İngiltərə Premyer Liqa: 2006–07, 2007–08, 2008–09
İngiltərə Federasiya Kuboku: 2003–04
İngiltərə Liqa Kuboku: 2005–06, 2008–09
İngiltərə Super Kuboku: 2007
UEFA Çempionlar Liqası: 2007–08
FİFA Klublararası Dünya Çempionatı: 2008

“Real”

İspaniya La Liqası: 2011–12, 2016–17
İspaniya Kuboku: 2010–11, 2013–14
İspaniya Super Kuboku: 2012, 2017
UEFA Çempionlar Liqası: 2013–14, 2015–16, 2016–17, 2017–18
UEFA Super Kuboku: 2014, 2017
FİFA Klublararası Dünya Çempionatı: 2014, 2016, 2017

“Yuventus”

İtaliya A Seriyası: 2018–19, 2019–20
İtaliya Kuboku: 2020–21
İtaliya Super Kuboku: 2018, 2020