Kristiano Ronaldo millidən və futboldan nə vaxt ayrılacaq?

Portuqaliya yığmasının ulduz hücumçusu və kapitanı Kristiano Ronaldo milli yığmadan və futboldan nə vaxt ayrılacağını cavablayıb.

Arena.az məlumat verir ki, Ronaldonun cavabı öz sadəliyi ilə diqqət çəkib.

Portuqaliya yığmasındakı çıxışlarını bitirəcəyinə gəlincə, Ronadlo fikrini belə ifadə edib:

“Milli komandadan getmək qərarına gələndə bunu kortəbii, amma bilərəkdən edəcəyəm. İlkin açıqlamalar da olmayacaq”, – “Mirror” nəşri Ronaldodan sitat gətirir.

Futbolçu karyerasına xitam vermək məsələsində isə “Kriş” bu fikirdədir:

“Mən sadəcə zövq almaq istəyirəm. 40 yaşım tamam olur… Mən həqiqətən həzz almaq istəyirəm, nə qədər ki, şövq duyuram, oynamağa davam edirəm. İlham duya bilmədiyim gün, mən karyeramı xətm edəcəyəm”.

Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 15 oyuna 10 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 79 oyun, 68 qol və 18 məhsuldar ötürmədən ibarətdir.
Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast qolçusu (35 qol) olub.

Kristiano Portuqaliya yığmasının heyətində 215 oyuna 135 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.