Kristiano Ronaldo AÇ-2024-ün təsnifat mərhələsiində Portuqaliya yığmasının Slovakiya kollektivi üzərində qələbəsinə (1:0) münasibət bildirib.
Arena.az məlumat verir ki, o, bu barədə fikrini sosial şəbəkə hesabından paylaşıb:
“Çətin oyunda çox vacib qələbə! Biz yenilməz qalırıq! İrəli, Portuqaliyaya!” – Ronaldo ilhamlandırıcı çağırış edib.
Xatırladaq ki, Ronaldo bu oyunda sarı vərəqə alması səbəbilə, sentyabrın 11-də Lüksemburq yığmasına qarşı keçiriləcək növbəti oyunda iştirak etməyəcək. Portuqal ulduz oyun zamanı rəqib qapıçı Martin Dubravkanın üzünə butsun tikanları ilə ehtiyatsızlıqdan zərbə endirib. Bu, Ronaldonun Avropa çempionatının seçmə mərhələsində 3-cü sarı vərəqəsidir. Bundan əvvəl, “Əl-Nəsr”in hücumçusu İslandiya və Lüksemburq yığmalarına qarşı oyunlarda simulyasiya etdiyinə görə xəbərdarlıq almışdı.
Maraqlıdır ki, Ronaldo yığma komandada ən çox Lüksemburq yığmasına qarşı oyunda qol vurub. Buna qədər portuqal superulduz Lüksemburq yığmasının qapısından 11 top keçirib.
Ümumiyyətlə Kristiano Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 201 oyun keçirib, 123 qol vurub, 43 məhsuldar ötürmə verib. Portuqal superulduz yığmanın heyətində oyun və qol sayına görə mütləq dünya rekordçusudur.