UEFA Millətlər Liqasının Polşa yığması ilə 5-ci tur oyunu Portuqaliya yığmasının ulduz hücumçusu Kristiano Ronaldo üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, kapitan Ronaldo “Draqan”da Portuqaliya yığmasının 5:1 hesablı qələbəsinə 2 qol və 1 məhsuldar ötürmə ilə töhfəsini verib.
Bu iki qol Ronaldonun futbolçu karyerasında 909-cu və 910-cu qollar olub ki, bu da portuqal ulduzun şəxsi rekordunu yeniləməsi deməkdir. Həmçinin Ronlado milli yığma komandalar səviyyəsində 132-ci dəfə meydanı qalib olaraq tərk edib və bununla da möhtəşəm rekord müəyyənləşdirib. Buna qədər “Kriş” milli komandalar səviyyəsində 131 qələbə qazanmış ispan müdafiəçi Serxio Ramosla şərikli rekord sahibi idi.
“Dördlər finalına gedən yolda məğlubedilməzlər!”
Adəti üzrə Ronaldo oyuna dair fikrini özünün sosial şəbəkə hesabı üzərindən paylaşıb:
“Dördlər finalına gedən yolda məğlubedilməzlər!” – “Kriş” dərc edib.
5 turdan sonra Portuqaliya yığması UEFA Mİllətlər Liqasının A Liqasının 1-ci qrupunda 13 xalla 1-ci pillədən yarışın növəbti mərhələsinə vəsiqəsini təmin edib. Ronaldo isə hazırda 5 qolla yarışın ən sərrast qolçuları arasında zirvədə qərarlaşıb.
Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 15 oyuna 10 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 79 oyun, 68 qol və 18 məhsuldar ötürmədən ibarətdir.
Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast qolçusu (35 qol) olub.
Kristiano Portuqaliya yığmasının heyətində 215 oyuna 135 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.