“Əl-Nəsr”in portuqal ulduz hücumçusu və kapitanı Kristiano Ronaldo mövsümün ikinci dövrəsinə hazırlıq məqsədilə məşqlərə başlayıb.
Arena.az məlumat verir ki, portuqal ulduz bu barədə özünün “X” sosial şəbəkə hesabı üzərindən məlumat paylaşıb:
“İş başına qayıdırıq”, – “Kriş” məşqdən şəklini dərc edəcək, şərh edib.
Portuqal ulduz həmçinin Səudiyyə Ərəbistanı haqda söhbət açıb, özünün yerli futbola təsiri haqda danışıb:
“İnsanlar Kristianoya təkcə meydanda deyil, həm də meydandan kənarda bir nümunə kimi baxırlar. Mən fəxr edirəm ki, liqa böyüyür və bir çox ulduz oyunçular onu daha da yaxşı, daha rəqabətəqadir etmək üçün buraya gəlirlər. Buraya gəlmiş, deyək ki, ilk ulduz, olmaq – şərəfdir, amma liqanın tərəqqisinə davam edəcəyi növbəti 5-10 ili mən səbirsizliklə gözləyirəm. Təkcə əsas komandaların yox, elə akademiyaların da.
Təkcə Səudiyyə Ərəbistanı oyunçularının və liqanın gələcəyi üçün deyil, həm də ölkə naminə və digər çempionatlarla rəqabət aparmaq – mənim arzum budur. Çalışacağam ki, ölkəyə və liqaya buna nail olmaq və bu səviyyədə olmaqda kömək edim”, – “Əl-Nəsr”in mətbuat xidməti Ronaldodan sitat gətirir.
“Mən və ailəm Səudiyyə Ərəbistanında xoşbəxtik”
Ronaldo həmçinin cari mövsümün ikinci dövrəsinə əsas hədəfini açıqlayıb:
“Mən və ailəm Səudiyyə Ərəbistanında xoşbəxtik. Biz bu gözəl ölkədə yeni həyata başlamışıq. Həyat gözəldir, futbol da gözəldir. Ən əsası, peşəkar olmaq, çox çalışmaq, kluba hörmət etmək, müqaviləyə hörmət etmək və hər şeyin yaxşılığa doğru dəyişəcəyinə və “Əl-Nəsr”in daha çox qənimət qazanmağa çalışacağına inanmaqdır.
Klub üçün Asiya Çempionlar Liqasını qazanmaq istəyirəm, amma ən əsası işləməyə davam etmək və peşəkar olmaqdır… Mən çalışmağa və “Əl-Nəsr”ə qənimət qazanmağa kömək edəcəyəm. İnanıram ki, bu il klub üçün yaxşı olacaq”, – jurnalist Ben Ceykobs Ronaldodan sitat gətirir.
Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.
Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 19 oyuna 16 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 83 oyun, 74 qol və 18 məhsuldar ötürmədən ibarətdir.
Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast qolçusu (35 qol) olub.
Kristiano Ronaldo Portuqaliya yığmasının heyətində 215 oyuna 135 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.



