Kristiano Ronaldo: “MY-nin sahibi olsam, vəziyyəti düzəldərəm”

“Əl-Nəsr”in portuqal uduz hücumçusu Kristiano Ronaldo hesab edir ki, “Mançester Yunayted”in cari uğursuzluqları baş məşqçi ilə bağlı deyil.

Arena.az məlumat verir ki, “qırmızı şeytanlar”ın keçmiş futbolçusu bu barədə “Globe Soccer Awards” mərasimində ona ünvanlanmış sual əsasında fikrini bildirib:

“Mançester Yunayted”dəki vəziyyət? Mən bu klubu sevirəm və bunun üçün də ən yaxşısını istəyirəm. Bu fəsad məşqçidə deyil. Əgər mən bu klubun sahibi olsam, vəziyyətə aydınlıq gətirib, pis hesab etdiklərimi düzəldəcəyəm”, deyə “Kriş” vurğulayıb.

Xatırladaq ki, hazırda “Mançester Yunayted” klub tarixinin ən pis dövrlərindən birini, bəzi statistik məlumatlar əsasında isə, ən pis dövrünü yaşayır.

İngiltərə Premyer Liqasının 18 oyunundan 22 xalla “Mançester Yunayted” yarış cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 19 oyuna 16 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 83 oyun, 74 qol və 18 məhsuldar ötürmədən ibarətdir.

Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast qolçusu (35 qol) olub.

Kristiano Portuqaliya yığmasının heyətində 215 oyuna 135 qol vurub və 45 məhsuldar ötürmə verib. Kristiano Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: