“Əl-Nəsr”in portuqal ulduzu, hücumçu Kristiano Ronaldo fevralın 5-də doğum gününü öz ailəsinin əhatəsində qeyd edib.
Arena.az məlumat verir ki, portuqal ulduz özünün sosial şəbəkə hesabı üzərindən ailəsi ilə birlikdə çəkdirdiyi şəkli paylaşıb və şərh dərc edib:
“39 yaşımı ailəmlə birlikdə ən yaxşı şəkildə keçirmək və məşqlərə qayıtmaq fürsətinə görə minnətdaram. İsti ismarışlara görə hər kəsə təşəkkür edirəm!”, – “Kriş” yazıb.
Kristiano Ronaldo 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. Portuqal hücumçu ərəb komandasının düşərgəsinə 2023-cü ilin yanvarında İngiltərənin “Mançester Yunayted” klubundan azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayına qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 25 oyuna çıxıb. O, bu oyunlarda 24 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub.
Kristiano Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümünün ən sərrast futbolçusudur – 20 qol.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqustunda debüt etdiyi Portuqaliya yığmasında 205 oyun keçirib. O, bu oyunlarda 128 qola imza atıb və 46 məhsuldar ötürmə verib.
Kristiano Ronaldonun yığmanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığması ilə Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 39 yaşlı portuqal hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.



