Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, Asiya Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turu çərçivəsində baş tutan Qətərin “Əl-Rayyan” komandası ilə oyunun iştirakçısı olub.
“Əl-Nəsr” doğma meydanda baş tutan bu oyunda 2:1 hesablı qələbəyə sevinib. Bu dəfə də 90 dəqiqə meydanda olan Kristiano komandasının ikinci qolunun müəllifi olub. O, 76-cı dəqiqədə hesabı 2:0-a çatdırıb. İlk qolu isə “Əl-Nəsr”in digər ulduz futbolçusu Sadio Mane vurub.
2 turdan sonra 4 xal toplamış “Əl-Nəsr” yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Portuqal ulduz adəti üzrə oyuna dair fikrini açıqlayıb və həmçinin vurduğu qolu mərhum atasının əziz xatirəsinə ithaf edib:
“Səylə zəhmət öz bəhrəsini verir. Gəlin, davam edək. Bugünkü qolun xüsusi zövqü var. Kaş atam sağ olaydı, çünki bu gün onun doğum günüdür”.
Xatırladaq ki, Ronaldo futbolçu karyerasında vurduğu 904-cü qolu atasına həsr edib.
Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 8 oyuna 7 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 71 oyun, 64 qol və 17 məhsuldar ötürmədən ibarətdir.
Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib.
Kristiano Portuqaliya yığmasının heyətində 214 oyuna 132 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 39 yaşlı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.