“Əl-Nəsr”in portuqal ulduzu, hücumçu Kristiano Ronaldo qardaşı Uqo Dinarte Santuş Aveyru ilə bağlı vəziyyətə görə məhkəməyə çıxa bilər.
Arena.az bu barədə “Corriere Torino” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Ronaldo qardaşı ilə bağlı yaranmış vəziyyətdə şahid qismində ifadə vermək üçün məhkəmə iclasına çağırıla bilər. Məsələ burasındadır ki, Ronaldonun qardaşına qarşı dələduzluq faktı ilə bağlı iş açılıb. Proses iş adamı Rokko Valenti ilə Ronaldonun qardaşının nümayəndəsi olduğu “Mussara Gestao de Espacos e Eventos LDA” şirkəti arasında 2019-cu ildə bağlanmış müqavilənin nəticələri ilə bağlıdır.
Sahibkar “CR7Museu” loqosu olan köynəklərin istehsalı və satışı hüququnu əldə etmək üçün 650 min avro məbləğində ödəniş etməli olduğu müqavilə imzalayıb. Qısa müddətdə 13 min ədəd məhsul istehsal edilib. Bununla belə, “Adidas” bu köynəklərin tərtibatının müqavilə əsasında istehsal olunanlara çox oxşar olduğunu fərq edib və bu barədə əlaqədar ünvanlara bildirdi. Valentinin istehsal etdiyi köynəklər vasitəçiyə satılmağa başlayıb. Onlar təkrar emal edilməli idilər, amma məlum olub ki, onların əvəzinə “Ronaldo Muzeyi”ndə satılıb.
Köynəklərin tərtibatını Ronaldonun qardaşının bəyənib təsdiq etdiyi bildirilir.
Vurğulayaq ki, Ronaldonun şahid qismində çağırılmasının “gərəksiz” olacağına inanan hakim Alessandra Salvadori Valentinin maraqlarını təmsil edən vəkil Robert Kapraya növbəti məhkəmə iclası üçün mayın 31-də Kristianonu çağırmağı təklif edib.
Xatırladaq ki, Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. O, daha öncə “Real”, “Sportinq”, “Mançester Yunayted” və “Yuventus” kimi klublarda da oynayıb. Portuqal ulduzun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 37 oyuna çıxıb. O, bu oyunlarda 36 qol vurub, 12 məhsuldar verib.
“Transfermarkt” internet-portalı 39 yaşlı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.