Portuqaliyalı futbolçu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasında növbəti qolunu vurub. Arena.az xəbər verir ki, o, buna Səudiyyə Ərəbistanı çempionatının 28-ci turu çərçivəsində baş tutan “Əl-Şabab”la qarşılaşmada nail olub.
“Əl-Nəsr” bu komanda ilə doğma meydanda qarşılaşıb. Beş qolun qeydə alındığı matç ev sahiblərinin 3:2 hesabı ilə qələbəsi ilə başa çatıb.
24-cü dəqiqədə Kristian Quanka penaltini dəqiq yerinə yetirərək “Əl-Şabab”ı hesabda irəli çıxarıb. 40-cı dəqiqədə Quanka özünün və komandasının ikinci qolunu vurub. Amma birinci yarının sonunda meydan sahibləri buraxılan qollardan birinin əvəzini çıxa biliblər. 51-ci dəqiqədə Əbdülrəhman Qərib hesabı bərabərləşdirib. 7 dəqiqə sonra isə komandanın lideri Ronaldo “Əl-Nəsr”in üçüncü qoluna imza atıb.
Kristiano həmin qolu qeyd edərkən maraqlı addımı ilə gündəmə gəlib. Belə ki, bir neçə aydır müsəlman ölkəsində yaşayan ulduz futbolçu yerə oturaraq səcdəyə gedib. Onun bu imitasiyası oyunu stadiondan izləyən azarkeşlər tərəfindən alqışlarla qarşılanıb.
“Əl-Nəsr” bu qələbədən sonra xallarının sayını 63-ə çatdırıb. Komanda hazırda lider “Əl-İttihad”dan cəmi 3 xal geri qalır.
Kristiano Ronaldo bu ilin yanvarından “Əl-Nəsr”in uğurları üçün çalışır. Forvard bu müddətdə Səudiyyə Ərəbistanı çempionatı çərçivəsində 15 oyunda meydana çıxaraq 14 qola imza atıb. Bütövlükdə isə o, “Əl-Nəsr”də 18 oyuna 14 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Portuqaliya yığmasının lideri daha öncə Lissabon “Sportinq”ində (31 oyun, 5 qol, 6 asist), Madrid “Real”ında (438 oyun, 450 qol, 131 asist), “Mançester Yunayted” (346 oyun, 145 qol, 64 asist) və “Yuventus” (134 oyun, 101 qol, 22 asist) kimi klublarda forma geyinib. Kristiano Portuqaliya millisində də 198 oyun keçirib, 122 qola imza atıb.