Kristiano Ronaldo Səudiyyə Ərəbistanında ayın oyunçusu seçildi

“Əl-Nəsr”in portuqal ulduzu, hücumçu Kristiano Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasında mart ayının ən yaxşı oyunçusu seçilib.

Arena.az bu barədə Səudiyyə Ərəbistanı Peşəkar Liqasının mətbuat xidmətinə istinadən məlumat verir.

Səudiyyə Ərəbistanı çempionatının 23-cü turunun “Əl-Raed”lə oyununda (1:3) portuqal ulduz heç bir səmərəli fəaliyyəti ilə diqqət çəkməyib. 24-cü turun “Əl-Əhli” ilə oyununda (1:0) Ronaldo penaltidən qələbə qolunu vurub. 25-ci turun “Əl-Tai” ilə oyununda isə (5:1) məşhur hücumçu het-triklə fərqlənib.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə portuqal hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 34 oyuna çıxıb, 33 qol vurub, 11 məhsuldar verib.

Vurğulayaq ki, Ronaldo milli çempionatın ən sərrast futbolçusudur – 26 qol. Həmçinin portuqal hücumçunun hesabında 9 məhsuldar ötürmə var.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 206 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.