Kristiano Ronaldo və Corcina Rodriges xəlvəti evləniblər?

Güman ki, portuqal ulduz hücumçu Kristiano Ronaldo və ispan model Corcina Rodriges xəlvəti surətdə evləniblər.

Arena.az məlumat verir ki, müvafiq təxmini “Daily Mail” nəşri irəli sürüb.

2024-cü il “Globe Soccer Awards” mərasimində ən yaxşı futbolçulara mükafatların təqdim edilməsi zamanı bir neçə dəfə səhnəyə çıxmış Ronaldonun çıxışında nəşr qeyri-adi xüsusa diqqət yetirib. Belə ki, Ronaldo son mükafatlarına görə yaxınlarına təşəkkür edərək, Corcinanı “mənim həyat yoldaşım (arvadım)” adlandırıb.

Nəşrin yazdığına görə, bu, o deməkdir ki, Ronaldo və Corcina xəlvəti surətdə evləniblər və bu barədə hələ ki, susaraq, bunu ictimailəşdirmirlər.

Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 19 oyuna 16 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 83 oyun, 74 qol və 18 məhsuldar ötürmədən ibarətdir.

Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast qolçusu (35 qol) olub.

Kristiano Portuqaliya yığmasının heyətində 215 oyuna 135 qol vurub və 45 məhsuldar ötürmə verib. Kristiano Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.