Kristiano Ronaldo və Pepe AÇ-də rekord müəyyənləşdirdilər

AÇ-2024-ün Çexiya yığması ilə 1-ci tur qrup oyunu (2:1) Portuqaliya yığmasının veteranları Pepe və Kristiano Ronaldo üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, portuqaliyalı “qocalar” Avropa çempionatları tarixində rekord müəyyənləşdiriblər.

Mərkəz müdafiəçisi Pepe Avropa çempionatları tarixində meydana çıxmış ən yaşlı futbolçu olub. Braziliyaəsilli müdafiəçi Çexiya yığması ilə oyunda 41 yaşında meydana çıxıb.

Həmçinin Ronaldo bu oyunda 39 yaşında meydana çıxmaqla, Avropa çempionatları tarixində meydana çıxmış ən yaşlı oyunluarın ilk üçlüyünə daxil olub.

Avropa çempionatları tarixində meydana çıxmış ən yaşlı futbolçuların ilk üçlüyü:

  1. Pepe (Potuqaliya), 41 yaş – AÇ-2024;
  2. Qabor Kiray (Macarıstan), 40 yaş – AÇ-2016;
  3. Kristiano Ronaldo (Potuqaliya), 39 yaş – AÇ-2024.

Kristiano Ronaldo həmçinin 6-cı Avropa çempionatında iştirakını meydanda rəsmiləşdirməklə mütləq rekord müəyyənləşdirib. Portuqal ulduz AÇ-2004, AÇ-2008, AÇ-2012, AÇ-2016, AÇ-2020 və AÇ-2024-də meydana çıxıb.

Pepe və yığma komanda yoldaşı, qapıçı Ruy Patrisiu isə 5-ci dəfə Avropa çempionatlarının iştirakçısı olublar. Hər iki futbolçu AÇ-2008, AÇ-2012, AÇ-2016, AÇ-2020 və AÇ-2024-də iştirak ediblər. Pepe bu 5 yarışın hər birində meydana çıxıb, Ruy Patrisiu isə yalnız AÇ-2012, AÇ-2016 və AÇ-2020-də meydana çıxıb. Cari yarışda isə Ruy Patrisiu hələ meydana çıxmayıb.

Həmçinin Kristiano Ronaldo Avropa çempionatları tarixində meydana çıxdığı oyunların sayına görə, sahib olduğu mütləq rekordu yeniləyərək, 26 oyuna çatdırıb. Pepe isə 20-ci dəfə meydana çıxmaqla, müvafiq siyahıda 2-ci pilləyə yüksəlib – 20 oyun.