Kristiano Ronaldonun oğlu “Əl-Nəsr”lə çempion oldu

“Əl-Nəsr”in portuqal ulduzu, Kristiano Ronaldonun oğlu Kristiano “Əl-Nəsr”in U-13 komandası ilə Səudiyyə Ərəbistanı çempionu olub.

Arena.az məlumat verir ki, Kiçik Ronaldo çempionatın sonuna 3 tur qalmış, “Uhud”la oyunda (4:1) qələbə sayəsində çempionluğunu rəsmiləşdirib.

Bala Ronaldo bu oyunda qolla fərqlənib.

“Gənc ulduzlarımızı təbrik edirik! Bizi parlaq gələcək gözləyir!” – 13 yaşlı hücumçunun məşhur atasının oynadığı “Əl-Nəsr”in açıqlamasında deyilir.

Kristiano 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. Portuqal hücumçu ərəb komandasının düşərgəsinə 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayına qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 24 qol vurub, 11 məhsuldar ötürmə verib. O, bu komandada indiyə qədər bütövlükdə 44 oyuna çıxıb, 38 qol və 13 məhsuldar ötürmə müəllifi olub.

Kristiano Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümünün ən sərrast futbolçusudur – 20 qol.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqustunda debüt etdiyi Portuqaliya yığmasında 205 oyun keçirib. “Kriş” bu oyunlarda 128 qola imza atıb və 46 məhsuldar ötürmə verib.

Kristiano Ronaldonun yığmanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığması ilə Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 39 yaşlı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.