Fransa yığmasını sabiq hücumçusu Kristof Düqarri PSJ-nin fransalı ulduzu, mərkəz hücumçusu Kilian Mbappeni tənqid edib.
Arena.az “Le Parisien” dərgisinə istinadən məlumat verir ki, Düqarri Çempionlar Liqasının 1/4 finalında “Barselona” ilə Parisdəki ilk oyunda 2:3 hesabı ilə məğlub olmuş PSJ-nin heyətində Mbappenin çıxışına dair tənqidlə danışıb:
“Mən oyunçunu tənqid etmək fikrində deyiləm, axı bu, çox asandır. Onun sönük çıxışını özünüz də gördünüz. Mən bir insanı tənqid etmək niyyətindəyəm. Dünən o, futbolda mövcud ola biləcək ən pis və həmçinin bir dünya səviyyəli oyunçudan ən pis çıxışını nümayiş etdirdi.
Oyunları buraxa bilərsiniz, amma dünənki davranışı həddindən artıq idi. Bu, hörmətsizlik və satqınlıqdır.
Sən Çempionlar Liqasının üzünə tüpürdün. Guya klubunla qalib gəlməyi xəyal etdiyin yarışın 1/4 finalının. Sənin münasibətin tamamilə biabırçılıqdır. Bu qədər yüngüllüyün mümkün olduğunu düşünmürdüm”, deyə Kristof Düqarri vurğulayıb.
Cavab oyunu çərçivəsində “Barselona” – PSJ-ni Barselonadakı “Olimpik Lyuis Kompanis” stadionunda qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.