Futbol üzrə Fransa yığmasının və Almaniyanın “Leypsiq” klubunun hücumçusu Kristofer Nkunku “Çelsi”yə transfer olunub.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
25 yaşlı forvard yeni klubu ilə 6 illik müqavilə imzalayıb. Fransalı futbolçu iyulun 1-dən etibarən londonluların oyunçusu sayılacaq.
“Çelsi” bu transfer üçün Almaniya klubuna 65 milyon avro ödəyəcək.
Xatırladaq ki, Fransanın PSJ klubunun yetirməsi olan Kristofer Nkunku 2019-cu ilin iyul ayından bəri “Leypsiq”in formasını geyinirdi. O, Bundesliqa təmsilçisinin heyətində 172 oyuna çıxıb. Bu oyunlarda 70 qol vurmuş hücumçunun hesabında 56 məhsuldar ötürmə də var.
Nkunkunun PSJ karyerası isə 78 oyun, 11 qol və 4 assistdən ibarətdir. Hücumçu Fransa milli komandasında keçirdiyi 8 oyunda qol vura bilməyib.
Yeri gəlmişkən, “Leypsiq” öz yetirməsi olan qapıçı Yonas Nikiş və sol cinah Sanussi Banı da icarəyə göndərdiyini açıqlayıb. Ba qarşıdakı mövsümü Avstriyanın LASK, Nikiş isə Almaniyanın digər təmsilçisi “Kayzerslautern” klubunda icarədə keçirəcək.


