Kristofer Trimmel daha bir mövsüm “Union Berlin”də!

Almaniyanın “Union Berlin” klubunun avstriyalı sağ cinah müdafiəçisi Kristofer Trimmel Bundesliqa təmsilçisi ilə yeni müqaviləyə imza atıb.

Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.

38 yaşlı futbolçu ilə yeni müqavilənin müddəti 2025/2026-cı illər mövsümünün sonuna qədər nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti bu mövsümün sonunda bitəcəkdi.

Kristofer Trimmel “Mannersdorf” klubunun yetirməsidir. “Horitçon” və “Rapid” (Vyana) klublarında da forma geyinmiş avstriyalı müdafiəçi 2014-cü ildən “Union Berlin”də çıxış edir. Təcrübəli müdafiəçi cari mövsümdə 22 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub. Onun Berlin klubunun heyətindəki ümumi statistik göstəriciləri isə belədir – 355 oyun, 6 qol və 65 məhsuldar ötürmə.

2009-cu ildən Avstriya millisinin formasını geyinən müafiəçi yığmada oynadığı 25 matçda 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 38 yaşlı müdafiəçinin transfer dəyərini 600 min avro məbləğində qiymətləndirir.