Futbol üzrə Cənubi Koreya çempionatında (K Liqa 1) 2023 mövsümünün 8-ci turunun oyunları keçirilib. Arena.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun komandası – “Daejeon Hana Sitizen” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Daequ” komandası ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb – 1:0.
Anton bu görüşün iştirakçısı olmayıb. Buna millimizin üzvünün iki tur öncə birbaşa qırmızı vərəqə ilə meydandan qovulması nəticəsində cəzalı duruma düşməsi səbəb olub.
“Daejeon Hana Sitizen” bu məğlubiyyətdən sonra 14 xalla 12 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 29 matça çıxıb.


