Kroos “Real”ın rekordçusuna çevrildi, Vinisius 100-ə çatdı

“Real” İspaniya La Liqasının 25-ci turunda “Real Sosyedad”la heç-heçəyə razılaşıb – 1:1.

Arena.az xəbər verir ki, bu oyun Madrid klubunun yarımmüdafiəçisi Toni Kroos üçün rekordla əlamətdar olub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə Kroosun Madrid klubunun heyətində 309-cu oyuna çıxdığı diqqətə çatdırılıb. Bununla da 31 yaşlı yarımmüdafiəçi “Real”da ən çox oyun keçirən alman futbolçuya çevrilib.

Bundan əvvəlki rekord 308 oyunla keçmiş yarımmüdafiəçi Uli Ştilikeyə məxsus idi.

Kroos 2014-cü ildən “Real”da çıxış edir. O, bu görüşlərdə rəqib qapılarından 21 top keçirib.

“Real Sosyedad”la oyun madridlilərin digər yarımmüdafiəçisi Vinisus Junior üçün də əlamətdar olub. Braziliyalı vinger “Real”da 100-cü rəsmi matçına çıxıb. 2018-ci ildən Madrid təmsilçisinin uğurları üçün çalışan 20 yaşlı futbolçu bu görüşlərdə 13 qola imza atıb.