Krunoslav Renduliç: “Bu ruhla “Real”a da qalib gələ bilərik”

“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Azərbaycan Premyer Liqasının 36-cı turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri və bürünc medalları təmin etdikləri mövsümün son matçından sonra keçirilən mətbuat konfransında bunları dilə gətirib:

“Mən bu komandaya gələndən sonra 11 oyun keçirmişik və 8 qələbə qazanmışıq. Avrokuboklara getməyə layiq idik. Bura gələndə demişdim ki, sona qədər 2-ci yer uğrunda mübarizə aparacağıq. Futbolçularımın hər biri qəhrəmandır. Bu gün də mükəmməl oyun sərgilədilər. Fikrimcə, ilk saniyədən sona qədər daha yaxşı idik. “Neftçi”yə bu oyunda 1, bizə isə 3 xal lazım idi. İstədiyimiz 3 xalı da qazandıq. Çox xoşbəxtik. Mən bura gələndə “Sabah” 6-cı pillədəydi və heç kim bizə inanmırdı. Futbolçular ağır şəkildə işlədilər və mükafatı aldılar”.

Krunoslav Renduliç Avropa Konfrans Liqasına hazırlıqdan və hədəflərindən də söhbət açıb:

“Hazırda qazandığımız uğuru qeyd etməliyik. Hansı mövqelərə transfer lazım olduğunu bilirik. Əminliklə deyə bilərəm ki, bəzi oyunçular gətirəcəyik. Amma nə vaxt olacağını demək çətindir. Oyunçuları vaxtında gətirmək istəyirik. Bunun alınıb-alınmayacağını zaman göstərəcək. Hədəflərlə bağlı hələ bir söz deyə bilmrəm. Bacardığımız qədər uğurlu çıxış etməyə çalışacağıq. Komandada bu cür ruh olarsa, hər rəqibə qalib gəlmək mümkündür. Belə yanaşma, belə ruhla “Real”a da qalib gələ bilərik”.

Bojoviç: “Yeganə günahkar mən deyiləm”

“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç isə komandasının mövsümün son oyunundakı məğlubiyyətinə belə şərh verib:

“Sabah” oyuna daha yaxşı başladı. 30-cu dəqiqəyə qədər topa nəzarət edirdilər. Bizim də qol vurmaq üçün iki epizodumuz oldu. Oyunu bərabərləşdirə bilmişdik. İkinci hissədə həm onlarda, həm də bizdə qol şansları var idi. Təəssüf ki, onlar qol vurmağa nail oldular və qalib gəldilər.

Biz 1 xal üçün oynamırdıq. Bilirdik ki, “Sabah” əks-hücumlara yaxşı çıxır. Özümüz üçün boş sahələr axtarırdıq. Qol vursaydıq, qalib gələ bilərdik. Amma “Sabah”ın qapıçısı onları xilas etdi”.

Bojoviç mövsümü avrokuboklara vəsiqə qazanmadan, 5-ci pillədə başa vuran “Neftçi” üçün uğursuz adlandırıb:

“Mövsüm barədə danışırıqsa, deyə bilərik ki, uğursuzuq. “Neftçi” liqanı 5-ci yerdə bitirdisə, demək ki, uğursuzluq var. Nəticəyə görə məsuliyyət daşıyıram. Çempionatın ikinci hissəsində 29 xal qazanmışdıq. Mövsümün əvvəlində xal qazanmaq, liqanın ikinci yarısında qazanmaqdan daha asandır. Hər bir komandada uğursuzluq olur. Bəli, uğursuz olduq, günahkaram. Amma yeganə günahkar mən deyiləm. Yeni mövsümü üçün klub daha yaxşı təşkilatlanmalıdır ki, Azərbaycan çempionatındakı əvvəlki mövqeyinə qayıda bilsin”.