Krunoslav Renduliç: “Bura 3 xal üçün gəlmişdik”

“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Azərbaycan Premyer Liqasının 27-ci turunda “Sumqayıt”a qarşı keçirdikəri oyunu şərh edib.

Arena.az xəbər verir ki, xorvatiyalı mütəxəssis 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyunçularımı təbrik edirəm. İlk yarıda yaxşı oynadılar. Oyuna nəzarət bizim tərəfimizdəydi. Rəqibi də təbrik etmək istəyirəm. Bilirdik ki, “Sumqayıt” yaxşı rəqibdir, turnir cədvəlində də bizdən yuxarıda idilər. Bura xallarımızı götürməyə gəlmişdik. İkinci hissənin son 30 dəqiqəsində fiziki cəhətdən bir az düşdük. Bəzi oyunçularımız xəstə, zədəli idi. Öz oyunçularımdan razı qaldım. Rəqib bizi sıxanda bundan rahatlıqla çıxırdıq. Şadam ki, gənc oyunçumuz Rauf Rüstəmli bu gün meydana çıxdı, yaxşı performans sərgilədi”.

Krunoslav Renduliç hədəflərinə çatacaqlarına inamını ifadə edib:

“İkinci və səkkizinci yer arasında 2-3 xallıq fərq var. Bura gələndə də demişdim ki, məqsədimiz ikincilik uğrunda mübarizə aparmaqdır. Çətin olacaq. “Neftçi” və “Sumqayıt” kimi rəqiblərimiz var. Amma məqsədimizə çatmağa çalışacağıq. Addım-addım irəliləyirik. Qazana biləcəyimiz 27 xal var. Bu oyundan sonra futbolçulara istirahət verəcəyik. Qarşıdan gələn Novruz bayramı münasibətilə də hər birinizi təbrik edirəm. Beşinci gündən etibarən qarşıdakı oyunumuza hazırlaşacağıq”.

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Uduzmağımızın səbəbi göz qabağındadır. İki səhv etdik, iki qol buraxdıq, altından çıxa bilmədik. Ondan sonra rəqibə bir epizod da vermədik. Dəyişikliklərlə oyunumuzu daha da yaxşılaşdırdıq. Meydanda qalib gəlmək istəyən komanda gördüm. Futboldur, qələbə və məğlubiyyətlər olacaq. İki həftəlik fasilə var. Hazırlaşacağıq.

Komanda hər oyunda meydana qələbə üçün çıxır. Mövsümün sonunda hansı yerdə olacağıqsa, o da bizim hədəfimizdir. Hədəflər mövsümün əvvəlində, məşqçi yox, klub tərəfindən qoyulur. Qoyulan hədəflərə görə də hərəkət edirsən. Biz təzə komandayıq, bu il çox oyunçu dəyişmişik. Komanda qururuq, daha da güclənmək istəyirik, rahat futbol oynamaq fikrindəyik. Get-gedə komandanın onurğası düzələcək. Hədəfi klub qoymalıdır. Hədəfə çatmırsansa, baş məşqçi getməlidir. Çempionatın ortasında hədəf haqda danışmaq düzgün deyil. Mövsümün əvvəlində klub tərəfindən qoyulan hədəf liqada qalmaq idi”.