Krunoslav Renduliç ilk qələbəsini şərh etdi, hədəfini açıqladı

“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Azərbaycan Premyer Liqasının 26-cı turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, xorvat mütəxəssis 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Qəbələ” turnir cədvəlində sonuncu pillədə olsa da, çox yaxşı komandadır. Premyer Liqada qalmaq üçün mübarizə aparırlar. Evdə ardıcıl iki oyunda qalib gəlmək asan deyil. Oyunçularımı təbrik edirəm. Amma onların arxayınlaşmasını istəmirəm. Birinci hissədə yaxşı oynadıq. İkinci hissədə isə həqiqətən pis idik. Ən önəmlisi odur ki, 3 xal qazandıq.

4-3-3 sistemi ilə oynamağa üstünlük verdik. Çox şeyi dəyişdiyimizi deyə bilmərəm. Orta xətt oyunçularımızdan birinin daha çox irəli getməsini istəyirəm. Bu, birinci hissədə yaxşı idi. İkinci hissədə performansımız aşağı düşdü. Oyun ərzində bəzi şeyləri dəyişdik. Daha yaxşı olmalıyıq. Hazırda 3-cü yerdəyik. Zamanla inkişaf edəcəyik. Bunu əminliklə deyirəm. Bəzi problemlərimiz oldu. Amin Seydiyevin qızdırması var idi, son iki məşqi buraxmışdı”.

Krunoslav Renduliç bildirib ki, onun qarşısına konkret hədəf qoyulmayıb:

“Mən özüm öz qarşıma məqsəd qoymuşam. Komandamızın potensialı var ki, mövsümü ikinci pillədə bitirək. Futbolçulara dedim ki, böyük məqsədləriniz varsa, bunu edə bilərsiniz. İnanıram ki, mövsümü 2-ci pillədə bitirə biləcəyik. Qarşıda 10 oyun var. Bu da 30 xal deməkdir”.

Xorvat mütəxəssis “Sabah”dan təklif aldıqdan sonra həmyerlilərindən Jelko Sopiç (“Sabah”ın sabiq baş məşqçisi) və Robert Prosineçki (Azərbaycan yığmasının sabiq baş məşqçisi) ilə məsləhətləşdiyini bildirib:

“Səmimi olmaq lazımdır. Öncə Jelko Sopiçə zəng etdim. O, mənə klub haqda müsbət fikirlər söylədi. Təklif etdi ki, bu şansdan istifadə edim. Robert Prosineçkiyə də zəng etdim. Biz dostuq. O da çox yaxşı şeylər dedi”.

“Oyunçulara irad tuta bilmərəm” – Kaxaber Sxadadze

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze isə komandasının növbəti məğlubiyyətinə belə şərh verib:

“Komandamız yaxşı oynadı. İki çatışmayan məqamı qeyd edərdim. Hücumların sonluğunda bir az ustalıq və son zərbələr zamanı soyuqqanlılıq çatmır. Matçın 75 dəqiqəsindən sonra komandanı gücləndirə biləcək futbolçularla bağlı da çətinliyimiz var. Komanda çox yaxşı oynadı, pressinq etdi, qol vurdu. Oyunçulara irad tuta bilmərəm. “Qarabağ” və “Səbail”lə matçların birinci hissəsində də yaxşı oynamışdıq.

Davit Volkovu tanıyıram. O, çox yüksək səviyyəli futbolçudur və ustalıq öz sözünü dedi”.

Gürcü məşqçi qapıçı dəyişikliyi və komandanın mübarizəsindən də danışıb: “İki görüşdə 7 top buraxmışdıq. Digər qapıçımız var ki, ona şans verdik. Bu gün qolkiper kobud səhvlər etmədi. Yaxşı oynasaq da, xallar da toplamalıyıq. Uduzmağımız çox pisdir, buna yaxşı deyə bilmərəm. Sonadək mübarizə aparacağıq. Maksimum çox çalışacağıq. Komandanın tam müasir futbol oynadığını sübut edə bilərəm. Yaxşı kombinasiyalı, pressinqli oyun göstəririk. Çatışmayan xallardır ki, onları qazanmalıyıq”.