“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Azərbaycan Premyer Liqasının 1-ci turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, xorvatiyalı mütəxəssis bu gün doğma meydanda baş tutan və 2:2 hesablı heç-heçə ilə bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Şamaxı”nı qazandığı 1 xala görə təbrik edirəm. Bu oyunun taleyini birinci hissədə həll etməliydik. Amma ilk yarıda qol buraxdıq. Fasilədən sonra yenə səhvimiz oldu, rəqib də bundan yararlandı. “Şamaxı”nın çərçivəyə iki zərbəsi oldu, onlar da qolla nəticələndilər.
Bir şeyi nəzərə almaq lazımdır ki, bu matçdan öncə Hayfa “Makkabi”si (İsrail təmsilçisi ilə Konfrans Liqasının matçını nəzərdə tutur – red.) ilə ağır oyun keçirmişdik. Həmin oyun 3 saat çəkdi. Futbolçular fiziki və mental cəhətdən çox yorulmuşdular. Dünyada da belədir, bu tip matçlardan sonra rəqibin kimliyindən asılı olmayaraq, xal itkisi mümkündür”.
Krunoslav Renduliç komandasının çempionata heç də inamlı start verməməsinə belə aydınlıq gətirib:
“Bəhanələrə sığınmaq istəməzdim. Bu gün üç qırmızı vərəqəyə və zədələrə görə, oyunu buraxan futbolçularımız var idi. Oynamayan oyunçular meydana çıxdılar. Mən onların da performansından razı qaldım. İlk onbirlikdə birdən-birə 6-7 oyunçu dəyişmək çətindir. Çünki bu qədər oyunçu dəyişikliyi edəndə, oyunundakı kimya da itir. Amma başqa variantlarımız da yox idi. Mövsüm hələ indi başlayır. Hamı xal itirəcək. Hələ ki, mövsümün əvvəlidir. Sabah və ya 7 gündən sonra nə baş verəcəyini bilmirik”.
“Hələ ki, transfer etmək üçün pulumuz qalıb” – Ayxan Abbasov
“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov da yeni mövsümdəki ilk rəsmi matçla bağlı fikirlərini bölüşüb. Hansı ki, o, yenidən elitaya qayıtmış “Şamaxı”da debüt matçına çıxıb:
“Səfərdə “Sabah”la matçda bir xal qazanmaq bizi sevindirdi. Çətin olacağını bilirdik. Çünki yeni komandayıq, yeni oyunçular var. Adaptasiyaya bir neçə oyun lazımdır. Futbolçularım müdafiə planında ilk dəqiqələrdə səhvlərə yol verdi və qollar buraxdıq. Amma ruhdan düşmədik, iki qol vurduq. “Sabah”a iki qol vurmaq futbolçularıma inam verir. Hər xal bizim üçün vacib olacaq. “Sabah”a uğurlar arzulayıram, avrokuboklarda çətin oyuna çıxacaqlar. Ümid edirik ki, bu mövsüm həm “Zirə”, həm də “Sabah” ölkəmizi avrokubokların qrup mərhələsində təmsil edərlər”.
Ayxan Abbasov mövcud heyət və hədəfləri barədə də düşüncələrini dilə gətirib:
“Oyun baxımdan artırmalıyıq. Bu gün birinci oyuna görə razı qaldıq. Amma çətin oyunlarımız var, bizim üçün asan olmayacaq. Gənc futbolçular üçün də böyük şansdır. Həmişə gileylənirik ki, gənc futbolçulara şans verilmir. Həqiqətən potensiallı futbolçularımız var. Komandama inanıram. Elə bura da, inanaraq gəlmişəm. Bir-iki futbolçunun da olmasını istəyərdik. Brahim Konate də zədəlidir. Bu mövsüm əsas məqsədimiz Premyer Liqada möhkəmlənməkdir. İstədiyimi oyunu hələ ki, görmürəm. Bundan yaxşı olmağa çalışacağıq. Yeni oyunçulara gəlincə, pulumuz bitənə kimi transfer edəcəyik. Hələ ki, pulumuz qalıb”.