Xorvatiyalı mütəxəssis Krunoslav Renduliç futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sabah”ın yeni baş məşqçisi təyin edilib.
Arena.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.
50 yaşlı xorvatiyalı mütəxəssislə 1,5 illik müqavilə bağlanıb.
Renduliç futbolçu karyerasına Xorvatiyanın “Osiyek” klubunda başlayıb. Burda gənclər komandasında oynayan Renduliç 1994-cü ildə peşəkar karyerasına ölkənin digər təmsilçisi “Belisçe”də başlayıb. Sonradan Xorvatiyanın “Hayduk”, “Osiyek” və “Luçko” klublarında da çıxış edib.
Cinah yarımmüdafiəçisi mövqeyində oynayan Renduliç ölkə xaricində yalnız Sloveniyanın “İnterblok” komandasının şərəfini qoruyub. O, futbolçu karyerasını 2014-cü ildə Xorvatiya təmsilçisi “Luçko”da başa vurub.

Renduliç məşqçi kimi İranın “Fulad” (2014-2016) və bu ölkənin əsas milli komandasında (2022) baş məşqçi Draqan Şkoçiçin köməkçisi olub. O, Xorvatiyada “İstra 1961” (2018/19), “Şibenik” (2019-2021), “Qoritsa” (2021-2022), Bosniya və Herseqovinada “Zrinski” (2022-2023) klublarında baş məşqçi kimi çalışıb.
Xorvat mütəxəssisin baş məşqçi kimi uğurları “Zrinski” klubunda olub. Komanda Renduliçin rəhbərliyi altında ölkə çempionatının və kubokunun qalibi olub. Xorvatiyalı məşqçi bu komanda ilə cari mövsümdə Avropa Konfrans Liqasının qrup mərhələsində mübarizə aparıb. E qrupunda “Aston Villa” (İngiltərə), “Legiya” (Polşa), “Alkmar” (Niderland) ilə qarşılaşan “Zrinski” 4 xalla sonuncu pillədə qərarlaşıb.
Krunoslav Renduliç 2023-cü il noyabrın 18-də “Zrinski”dən ayrılıandan bəri işsiz idi. O, “Sabah”ın baş məşqçi postunda fevralın 1-də istefaya göndərilmiş Murad Musayevi əvəz edib.