“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Konfrans Liqasının 3-cü raundunda “Sent-Patriks Atletik”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, səfərdə İrlandiya klubuna 0:1 hesabıyla uduzmuş “bayquşlar” bu gün Masazırdakı cavab görüşündə də oxşar hesabla məğlub olublar və Konfrans Liqasında mübarizəni dayandırıblar.
Krunoslav Renduliç komandasının məğlub olduğu görüşlə bağlı bunları söyləyib:
“Hər şeyi gördünüz. Rəqibə nisbətən daha yaxşı komanda idik. Təəssüf ki, qırmızı vərəqədən sonra hər şey dəyişdi. Avrokuboklarda iki oyunun hər birinin böyük hissəsini azlıqda oynamaq çox ağırdır. Uşaqlar bu gün çox yaxşı idilər. Çalışdılar, əllərindən gələni etsinlər. Döyüşdülər, mübarizə apardılar. Təəssüf ki, istəyimizə çata bilmədik.
İtkilərimiz var idi. İvan Lepinitsa qırmızı vərəqə cəzalısı idi, Ayaz Quliyev də üç ay oynamayacaq. Şakir Seyidov qalmışdı, amma Abdulla Xaybullayev daha dominant futbola uyğundur. Hücuma yönəlik futbol oynamaq istəyirdim. Bu üzdən də Abdullaya üstünlük vermişdik. Daha çox hücumda olmaq istəyirdik. Demək olar ki, 26-cı dəqiqəyə qədər işlədi. Qırmızı vərəqədən sonra hər şey dəyişdi. 0:1-dən sonra sistemi dəyişdik. Elvin Camalov arxada tək qaldı. Hücumda nələrsə etmək istədik, nail olmadıq.
Məğlubiyyətə görə həmişə məşqçi günahkardır. Bu, mənim məsuliyyətimdədir. Qorxmuram, məsuliyyəti üzərimə götürürəm. Heç vaxt futbolçuları günahlandırmıram. Həmişə işimdə ciddi olmağa çalışmışam. Ola bilər, sizə rahat görünüm. Ehtiyat oyunçular skamyasında olan biri üçün oyuna qoşulmaq çətindir, üstəlik, azlıqdasınızsa. Xəyal Əliyev bu gün çox hərəkət etdi”.
“Favorit hesab edilmirdik”
“Sent-Patriks Atletik”in baş məşqçisi Stefen Kenni də matçdan sonra fikirlərini bölüşüb:
“Oyunçularımla fəxr edirəm. Favorit hesab edilmirdik. “Sabah”ın kifayət qədər keyfiyyətli oyunçuları var. Buna baxmayaraq, iki oyunda da qələbə qazandıq. Daha çox şansımız var idi. Bu gün “Sabah” matça yaxşı başladı. Bəzi şərtlər bizim əleyhimizə idi. İki oyunu da qazanmışıqsa, deməli, biz daha yaxşı idik. Bugünkü qırmızı vərəqə “Sabah”ın oyununa təsir etdi”.