Krunoslav Renduliç Tovuz stadionunun süni örtüyündən gileyləndi

“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Azərbaycan Premyer Liqasının 31-ci turunda “Kəpəz”ə qarşı keçirdikləri səfər oyununu şərh edib.

Arena.az xəbər verir ki, xorvatiyalı mütəxəssis 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Oyunu iki hissəyə bölmək lazımdır. Birinci yarıda çox yaxşı oynadıq, hər şey bizim nəzarətimiz altında idi. 2-3 şansımız oldu ki, daha yaxşı istifadə edə bilərdik. Fasilədə futbolçulara dedim ki, 3-cü qolu vurmalıyıq. Amma fasilədən sonra qol vurmağa o qədər də iddialı görünmürdük. İkinci hissədən məmnun deyiləm. Mərkəzdə boşluqlar verirdik. Müdafiədəki problemlərin səbəbi bununla bağlıdır. Bura xal götürmək üçün gəlmişdik. Üç xalı əldə edə bildik. Ən önəmlisi də bu idi”.

Krunoslav Renduliç Tovuz şəhər stadionunda keçirilən oyunun süni örtüklü meydançada baş tutmasından narazılığını dilə gətirib. O, həmçinin komandasına ölkəsindən futbolçu gətirmək planlarından da söz açıb:

“Xorvatiyada süni meydanda peşəkar futbol oynanılmır. Premyer Liqada çıxış edən bütün komandalar təbii meydançada oynamalıdır. Bütün həftə məşqləri təbii örtükdə edirik. 15 gün ərzində burada iki dəfə oynamaq asan deyil. Oyundan öncə də burada məşq etmədik. Bu barədə çox pis təcrübəm var. Belə olan halda 2-3 oyunçu zədələnə bilər. Buna görə də risk etmək istəmirəm.

Xorvatiyada istedadlı, keyfiyyətli futbolçular var. Amma o demək deyil ki, istədiyim hər oyunçu bura gətirə bilərəm”.

“Məsuliyyətsizlikdən söhbət gedə bilməz” – Adil Şükürov

“Kəpəz”in baş məşqçisi Adil Şükürov isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Azarkeşlərimizə təşəkkür edirəm. Qələbə qazanıb Premyer Liqada qalmağımızı tam olaraq rəsmiləşdirmək istəyirdik. Bu gün alınmadı. Ümid edirəm ki, növbəti matçlarda məsəsələni tam olaraq həll edə bilərik. Futbolda hər şey ola bilər. Biz kiminsə uduzmağını gözləməli deyilik. Əsas öz oyunumuzdur. Bu, futboldur. Alınmayanda alınmır. Futbolçuların heç birində məsuliyyətsizlikdən söhbət gedə bilməz. Onların hər birinə güvənirəm. Bu gün tam olaraq üstün futbol oynadıq. Təəssüf ki, şanslarda istifadə edə bilmədik”.