Futbol üzrə Polşa yığmasının və Almaniyanın “Herta” klubunun hücumçusu Kşiştof Pyontek “Başakşəhər”ə keçib.
Arena.az xəbər verir ki, bu barədə İstanbul klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Türkiyə təmsilçisi azad agent statusuna malik futbolçunun transferi üçün əlavə xərcə düşməyib. 28 yaşlı forvardla 3 illik müqavilə imzalanıb. O, “Başakşəhər”də 9 nömrəli formanı geyinəcək.
Xatırladaq ki, Kşiştof Pyontek 2020-ci ilin yanvar ayında “Milan”dan 24 milyon avro qarşılığında “Herta”ya gəlmişdi. Polşalı forvard Bundesliqa təmsilçisində 58 oyun keçirib, 13 qol və 4 məhsuldar ötürmə müəllifi olub. Pyontek son iki mövsümü icarə əsasında İtaliyada – “Fiorentina” və “Salernitana” komandalarında keçirib. O, daha öncə bu ölkədə “Milan”la yanaşı, “Cenoa”nın da uğurları üçün çalışıb.
Pyontek ölkəsində də “Zaqlembe” və “Krakoviya”nın formasını geyinib. O, Polşa yığmasında 27 oyuna 11 qol vurub.
“Başakşəhər” iki futbolçusunu da icarəyə göndərib. İstanbul təmsilçisi çinli müdafiəçisi Vu Şaokun və yenicə transfer etdiyi konqolu müdafiəçi Frensis Nzabanı “Gənclərbirliyi”nə icarəyə verib. Onların hər ikisi qarşıdakı mövsümün sonuna kimi icarədə olacaqlar. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.
