“Liverpul”un qapıçısı Kuivin Kelleher Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda “Real”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, irland qapıçı ev oyununda qazanılmış 2:0 hesablı qələbədən məmnun olduğunu bildirib:
“Belə bir vacib oyunda bu, bizim üçün əla nəticədir. Buna müvəffəq olduğumuz üçün şadam”, deyə Kelleher vurğulayıb.
Kelleher bu oyunda rəqibin penalti zərbəsini dəf etməyi bacarıb. O, “Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappenin vurduğu penalti zərbəsini dəf etməsindən də danışıb:
“Mən futbolçuya o qədər də baxmıram. Özüməinamım vardı, son bir həftədə iki penalti qurtarmışam və buna görə də arxayın idim. Xoşbəxtlikdən yenə də doğru olanı etdim”, deyə Kelleher vurğulayıb.
Kuivin Kelleher 2019-cu ildən “Liverpul”un əsas komandasında çıxış edir. O, cari mövsümdə 10 oyuna çıxıb, 7 qol buraxıb, 5 oyunda qapısını toxunulmaz saxlayıb. Kelleherin “Liverpul”un heyətindəki ümumi statistikası belədir – 57 oyun, 66 buraxılmış qol, 20 “quru” oyun.
İrlandiyalı qapıçı “Liverpul”la bir dəfə İngiltərə çempionu (2019/2020) olub, UEFA Çempionlar Liqasını (2018/2019), UEFA Super Kubokunu (2019/2020), İngiltərə Kubokunu (2022), İngiltərə Liqa Kubokunu (2022 və 2024-cü illərdə) qazanıb.
Kelleher 2021-ci ilin iyun ayında debüt etdiyi İrlandiya yığma komandasının heyətində 20 oyuna çıxıb. 26 yaşlı qolkiper bu oyunlarda 23 qol buraxıb, 8 matçda qapısını toxunulmaz saxlayıb.
“Transfermarkt” internet-portalı 26 yaşlı qapıçının transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.


