Kukurelya: “Palmeri formasız görsəniz, ona futbolçu deməzsiniz”

Futbol üzrə İspaniya yığmasının və “Çelsi”nin müdafiəçisi Mark Kukurelya ingilis yarımmüdafiəçi Koul Palmerin xüsusiyyətlərindən danışıb.

Arena.az ispan futbolçunun bu barədə fikrini təqdim edir:

“Palmeri formasız görsəniz, onun futbolçu olduğunu həyatı boyu deyə bilməzsiniz, amma meydanda… O zərbə vurur, həm də güclü zərbə vuran kimi görünmür, amma bütün qolları vurur.

O, tamamilə fərqlidir. Bunu necə izah edəcəyimi bilmirəm: o, xüsusidir. Ona sahib olduğumuz üçün çox bəxtəvərik. Bizim bəxtimiz gətirdi ki, o, Avropa çempionatında o qədər də çox oynamadı. Koul meydana çıxdı və finalda qol vurmaqla, bizim üçün az qala hər şeyi məhv etdi.

Belə davam etsə, o, ən yaxşılar sırasında olacaq”, deyə Kukurelya klubdakı komanda yoldaşını tərifləyib.

Koul Palmer “Mançester Siti”nin yetirməsidir. İngilis yarımmüdafiəçi “Çelsi”yə 2023-cü ilin sentyabr ayında 47 milyon avro məbləğ müqabilində məhz Mançester klubundan keçib.

Yarımmüdafiəçinin London təmsilçisi ilə müqaviləsi 2033-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Palmer “zadəganlar”ın heyətində bütün yarışlarda 9 oyuna çıxıb, 6 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib. Palmer “Çelsi”nin heyətində ümumilikdə 54 oyun keçirib, 31 qol vurub, 20 məhsular ötürmə verib.

Koul Palmer 2023-cü ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 10 oyun keçirib, 2 qol vurub, 1 məhsudlar ötürmə verib.

“Transfermarkt” internet-portalı 22 yaşlı ingilis hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.