Kulibali “Əl-Hilal”a keçməyə yaxındır

“Çelsi”nin seneqallı mərkəz müdafiəçisi Kalidu Kulibali karyerasını Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda davam etdirəcək.

Arena.az bu barədə jurnalist-insayder Matteo Morettonun “Twitter” hesabına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, futbolçunun bu kluba transferi son mərhələdədir. “Əl-Hilal” çox yaxın vaxtlarda müqavilə bağlamaq niyyətindədir və London klubunun nümayəndələrini ciddi cəhdlə əməkdaşlığa sövq edir. Futbolçunun özü də Səudiyyə Ərəbistanına köçməyin əleyhinə deyil. Danışıqların növbəti bir neçə gününün həlledici olacağı vurğulanır.

2022/2023 mövsümündə Kulibali “Çelsi”nin heyətində 32 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Futbolçunun London klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. “Transfermarkt” internet-portalı Kulibalini 25 milyon avro məbləğində qiymətləndirir.

Daha əvvəl Milan “İnter”inin Kulibalini icarəyə götürmək istədiyi bildirilirdi.