Kurban Berdiyev: “Əvəzetmələr oyunumuzu gücləndirdi”

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Zirə”nin Azərbaycan çempionatında ən aparıcı klublardan biri olması, ölkəni avrokuboklarda da təmsil etməsi heç kəsə sirr deyil. İlk yarıda “Zirə”nin üstünlüyü və qol epizodları olsa belə, onların qarşısını aldıqları üçün uşaqlara təşəkkür edirəm. Üstəlik, rəqibə qol vurmaq imkanı vermədikləri üçün də təşəkkürümü bildirirəm. İkinci hissədə planlı dəyişikliklər etdik. Əvvəlcə oyunu bərabərləşdirdik, müəyyən epizodlarda da onları üstələdik. Əvəzetmələr oyunumuzu gücləndirdi”.

Kurban Berdıyev komandasının birinci dövrədəki çıxışına belə qiymət verib:

“Qazanılan nəticələrə görə daxili rahatlığımız var, bizi sevindirir. Amma həm bu oyun, həm də əvvəlki oyunlar göstərdi ki, üzərində işləməli olduğumuz çox detallar var.

Legioner limitinin tətbiq olunması bizə xüsusi problem yaratmır. Aleks Souza uzun müddət idi ki, zədələnmişdi, oynaya bilmirdi. Fərid Yusifli var, o da meydana çıxanda yaxşı mübarizə aparır”.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov isə komandasının məğlubiyyətinə belə şərh verib:

“İki fərqli hissənin şahidi olduq. Birinci hissədə daha üstün tərəf biz idik. Fasilədən sonra isə rəqib daha yaxşı oynadı. Qol epizodlarında bəlkə də bərabərlik oldu. Sonda rəqib standart vəziyyətdən fərqlənib, özü üçün vacib qələbə qazandı. Qələbə münasibəti ilə rəqibi təbrik edirəm. Biz isə təhlil edəcəyik ki, niyə ikinci hissə bu qədər zəif keçdi, rəqibə bu qədər rahat oynamağa imkan verdik. Yetərincə vaxtımız olacaq ki, ikinci hissədə oynadığımız futbolu təhlil edək.

Top itkilərinin çoxu süni ot örtüyü ilə bağlı idi. Futbolçularımız heç cürə meydana uyğunlaşa bilmirdilər. Texniki cəhətdən itkilər oldu. Bu da rəqibə üstünlük yaradırdı. 60-65-ci dəqiqədən sonra üstünlüyü rəqibə verdik.

Mənim atdığım hər addım çox şərh olunur. Bəlkə də ən sakit oyunlarımdan biri idi. Kurban Berdiyevi təbrik etdim, daha sonra içəri girdim və gördüm ki, futbolçular bir istiqamətə qaçdı, onları ayırdım, sakitləşdirdim”.